“Oruc tutduğunuz zaman, ikiüzlülər kimi üzünüzü turşutmayın. Onlar oruc tutduqlarını insanlara bildirmək üçün özlərinə pərişan bir görünüş verərlər… Siz oruc tutduğunuz zaman, başınıza yağ sürüb üzünüzü yuyun. Belə ki, insanlara deyil, gizlidə olan Allaha oruclu görünəsiniz [yalnız gizlidə olanı bilən Allahın razılığını güdün]. Gizlilik içində ediləni görən Allah sizi mükafatlandıracaq.” (Matta, 6:16-18)
… [Xanna adındakı qadın] məsciddən ayrılmaz, oruc tutub dua edərək gecə-gündüz Allaha ibadət edərdi. (Luka, 2:36-37)
… İsa qırx gün qırx gecə oruc tutduqdan sonra acdı. (Matta, 4:1-2) Yəhya gəldiyi zaman oruc tutub içkidən çəkindi… (Matta, 11:18; Luka, 7:33) Farisey ayaq üstdə öz-özünə belə dua etdi: “Allahım o biri insanlara -soyğunçulara, haqq yeyənlərə, zina edənlərə- ya da bu vergi vəzifəlisinə bənzəmədiyim üçün Sənə şükür edirəm. Həftədə iki gün oruc tutur, bütün qazancımın onda birini verirəm.” (Luka, 18:11-12)
Bunlar Rəbbə ibadət edib oruc tutarkən… Beləcə oruc tutub dua etdikdən sonra, Barnabayla Şaulun üzərinə əllərini qoyub onları yola saldılar. (Həvarilərin İşləri, 13:2-3)
… Dua və orucla onları, inandıqları Rəbbə əmanət etdilər. (Həvarilərin İşləri, 14:23)… Oruc günü belə keçmişdi. (Həvarilərin İşləri, 27:9)
Zəkat-sədəqə ibadəti
Mən də… [Allah rizası üçün] malımı da, özümü də sevə-sevə xərcləyəcəyəm… (2 Korinflilərə, 12:15)
… Siz stəkanın və qabın xaricini təmizləyərsiniz, amma içiniz acgözlük və pisliklə doludur. Ey ağılsızlar! Xarici və daxili düzəldən eyni deyilmi? Siz qablarınızın içindəkini sədəqə olaraq verin, o zaman sizin üçün hər şey təmiz olar. (Luka, 11:39-41)
Doğruluğunuzu insanların gözü qarşısında nümayiş məqsədiylə sərgiləməkdən çəkinin. Yoxsa… Allahdan mükafat ala bilməzsiniz. Bu səbəblə, birinə sədəqə verərkən bunu şeypur çalıb elan etməyin. İkiüzlülər, insanların tərifini qazanmaq üçün sinaqoqlarda və küçələrdə belə edərlər. Sizə doğrusunu söyləyim, onlar mükafatlarını almışlar. Siz sədəqə verərkən, sol əliniz sağ əlinizin nə etdiyini bilməsin. Belə ki, verdiyiniz sədəqə gizli qalsın. Gizlicə ediləni görən Allahınız sizi mükafatlandıracaq. (Matta, 6:1-4)
Getdiyiniz hər yerdə Allahın Hökmranlığının [cənnət vədinin] yaxınlaşdığını elan edin. Xəstələri yaxşılaşdırın… cüzamlıları təmiz qılın… Qarşılıqsız aldınız, qarşılıqsız verin.
… Allahın böyük lütfü hamısının [iman edənlər] üzərində idi. Aralarında yoxsul olan yox idi.
Çünki torpaq ya da ev sahibi olanlar bunları satar, satdıqlarının əvəzini gətirib elçilərin buyruğuna verərdilər; bu da hər kəsə ehtiyacına görə paylanardı. (Həvarilərin İşləri, 4:33-35)
Dünya xalqları həmişə bu şeylərin arxasınca qaçar. Halbuki Allahınız, bunlara ehtiyac duymanız olduğunu bilər. Siz Onun Hökmranlığının ardınca gedin [Allahın rizasını axtarın], o zaman sizə bunlar da veriləcək. Qorxma, ey kiçik sürü! Çünki Allahınız, hökmranlığı sizə verməyi uyğun hesab etdi. Mallarınızı satın, sədəqə olaraq verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə [axirətdə] tükənməyən bir xəzinə qazanın. Orada nə oğru ona yaxınlaşar, nə də güvə onu yeyər. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. (Luka, 12:30-34)
[İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm:… Əbanızı alandan çuxanızı da əsirgəməyin. Sizdən bir şey diləyən hər kəsə verin, malınızı alandan onu geri istəməyin. İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın… Sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar da belə edər. Geri alacağınızı ümid etdiyiniz kəslərə borc versəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar belə verdiklərini geri götürmək şərtiylə günahkarlara borc verərlər. Amma siz düşmənlərinizi sevin, yaxşılıq edin, heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq…” (Luka, 6:27-35)
Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə [axirət üçün] xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. (Matta, 6:19-21)
Öyüd verən, öyüddə olsun. Hədiyyə verən, bunu səxavətlə etsin. İdarə edən, səylə idarə etsin. Mərhəmət edən, bunu gülər üzlə etsin. (Romalılara, 12:8)
Yəhya onlara, “İki çuxası olan birini çuxası olmayana versin; yeməyi olan yeməyi olmayanla paylaşsın” cavabını verdi. (Luka, 3:11)
Ehtiyac içində olan müqəddəslərə [özünü Allaha həsr etmişlərə] kömək edin.
Qonaqpərvər olmağa baxın. (Romalılara, 12:13)
İsa özünü yeməyə çağırana da belə dedi: “Bir nahar ya da şam yeməyi verdiyin zaman dostlarını, qardaşlarını, qohumlarını və zəngin qonşularını çağırma. Yoxsa onlar da səni çağıraraq qarşılıq verərlər. Amma ziyafət verdiyin zaman yoxsulları, iflicləri, şikəstləri, korları çağır. Beləcə, xoşbəxt olarsan. Çünki bunlar sənə qarşılıq verəcək vəziyyətdə deyildirlər. Qarşılığı sənə… [insanlar] dirildiyi zaman [axirətdə] veriləcək. (Luka, 14:12-14)
Zakkay ayağa qalxıb… belə dedi: “… Malımın yarısını yoxsullara verirəm. Bir kimsədən haqsızlıqla bir şey aldımsa, dörd qatını geri verəcəyəm.” İsa dedi ki, “Bu ev bu gün qurtuluşa qovuşdu. Çünki bu adam da İbrahimin oğludur.” (Luka, 19:8-9)
İsa məscidin pul qutusu qarşısında oturub cəmiyyətin qutuya pul atmağını müşahidə etdi. Bir çox varlı adam bol pul atdı. Bu vaxt yoxsul bir dul qadın yaxınlaşıb bir dinar dəyərində iki mis qəpik atdı. İsa şagirdlərini yanına çağıraraq, “Doğrusu sizə deyirəm ki” dedi, “Bu yoxsul dul qadın qutuya pul atanların hamısından daha çox pul atdı. Çünki o birilərin hamısı varlarının bolluğundan verdilər. Amma bu qadın yoxsulluğundan -nəyi varsa onu, bütün dolanış imkanını-verdi.” (Mark, 12:41-44; Luka, 21:1-4)
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ona, “Yaxşı müəllimim, sonsuz həyata [cənnətə] qovuşmaq üçün nə etməliyəm?” deyə soruşdu. İsa, “… Onun [Allahın] buyruqlarını bilirsən: “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, kimsənin haqqını yeməyəcəksən, anana-atana hörmət göstərəcəksən.’“ Adam, “Müəllimim, bunların hamısını gəncliyimdən bəri yerinə yetirirəm” dedi.
Ona sevgiylə baxan İsa, “Bir əskiyin var” dedi. “Get nəyin varsa sat, pulunu yoxsullara ver; beləcə, göydə [axirətdə] xəzinən olar. Sonra gəl, məni izlə.” Bu sözlər üzərinə adamın kefi pozuldu, kədər içində oradan uzaqlaşdı. Çünki çox malı vardı. İsa ətrafına göz gəzdirdikdən sonra şagirdlərinə, “Varlı kəslərin [infaq etmədikləri müddətcə] Allah Hökmranlığına [cənnətə] girməsi nə çətin olacaq!” dedi. Şagirdlər onun sözlərindən təəccübləndilər… Bir-birlərinə, “Elə isə kim xilas ola bilər?” deyirdilər… Peter ona [İsa Peyğəmbərə], “Bax, biz hər şeyi buraxıb sənin ardınca gəldik” deməyə başladı. “Sizə doğrusunu söyləyim” dedi İsa, “[Allah rizası üçün] mənim və Müjdənin [Allahın əmrlərinin] uğrunda evini, qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxıb da indi, bu çağda çəkəcəyi zülmlərlə birlikdə yüz qat daha çox evə, qardaşa, anaya, uşağa, torpağa və gələcək zamanda sonsuz həyata [cənnətə] qovuşmayan kimsə yoxdur. Nə var ki, birincilərin bir çoxu sonuncu, sonuncuların bir çoxu da birinci olacaq.” (Mark, 10:17-31; Matta, 19:16-30; Luka, 18:18-30)
Xananya adında bir adam, arvadı Sapfiranın təsdiqiylə bir mülk satdı, pulun bir qismini özünə saxlayaraq gerisini gətirib elçilərin buyruğuna verdi. Arvadının da olanlardan xəbəri vardı.
Peter ona, “Xananya, necə oldu da şeytana uydun… yalan danışıb mülkün pulunun bir qismini özünə saxladın?” dedi. “Mülk satılmadan əvvəl sənə aid deyildimi? Sən onu satdıqdan sonra da pulu dilədiyin kimi istifadə edə bilməzdinmi? Niyə ürəyində belə bir hiylə qurdun? Sən insanlara deyil, Allaha yalan danışmış oldun.” (Həvarilərin İşləri, 5:1-4)
Müqəddəslərə ediləcək pul köməyinə gəlincə: Qalatya kilsələrinə nə buyurdumsa, siz də elə edin. Həftənin ilk günü hər kəs qazancına görə bir miqdar pul ayırıb yığsın. Belə ki, yanına gəldiyimdə pul toplamaya gərək qalmasın. Oraya çatdığımda, hədiyyələrinizi aparmaq üzrə uyğun hesab etdiyiniz kəsləri tanıdıcı məktublarla Yerusəlimə göndərəcəyəm… (1 Korinflilərə, 16:1-4)
Onlar, səmimiliyinizi sübut edən bu xidmətdən ötrü, açıqca mənimsədiyiniz Məsih Müjdəsinə [Allahın İsa Peyğəmbərə vəhyinə] uyaraq özləriylə və hər kəslə malınızı səxavətlə paylaşdığınız üçün Allahı ucaldırlar. (2 Korinflilərə, 9:13)
İmanlıların hamısı bir yerdə olur, hər şeyi ortaq şəkildə istifadə edirdilər. Mallarını mülklərini satır və bunun pulunu hər kəsə ehtiyacına görə paylayırdılar.
Hər gün məsciddə toplanmağa davam edən imanlılar, öz evlərində də çörək bölüb səmimi bir sevinc və sadəliklə yemək yeyir və Allahı tərifləyirdilər. Bütün xalqın məmnuniyyətini qazanmışdılar. Rəbb də hər gün yeni xilas olanları [hidayətə çatanları] birliyə qatırdı. (Həvarilərin İşləri, 2:44-47)
Farisey ayaq üstdə öz-özünə belə dua etdi: “Allahım, o biri insanlara -soyğunçulara, haqq yeyənlərə, zina edənlərə- ya da bu vergi vəzifəlisinə bənzəmədiyim üçün sənə şükür edərəm. Həftədə iki gün oruc tutur, bütün qazancımın onda birini verirəm.” (Luka, 18:11-12)
Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. İbrahim də ona hər şeyin onda bir hissəsini verdi… (İbranilərə, 7:1-2)
Siz də bilirsiniz, ey Filipililər, Müjdə [Allahın əmrləri] yailmağa başladığında, Makedoniyadan ayrılmağımdan sonra sizdən başqa heç bir birlik qarşılıqlı yardımlaşma mövzusunda mənimlə əməkdaşlıq etmədi. Mən Salonikdəykən də, ehtiyacım olduğunda bir neçə dəfə mənə kömək etdiniz. Hədiyyə gözləmirəm, amma mənəvi qazancın hesabınızda yığılmasını [axirətdəki əcrinizin qarşılığının çoxalmasını] istəyirəm. Mənim hər şeyim var, bolluq içindəyəm. Epafroditun əliylə göndərdiyiniz hədiyyələri alınca bir əksiyim qalmadı. Bunlar gözəl qoxulu təqdimatlar, Allahın məmnuniyyətini qazanan, Onu məmnun edən qurbanlardır. Allahım da hər ehtiyacınızı Öz zənginliyiylə… görkəmli bir şəkildə qarşılayacaq. Allaha sonsuzlara qədər ucalıq olsun! Amin. (Filipililərə, 4:15-20)
Dindar bir adam idi. Həm özü, həm də bütün ev xalqı Allahdan qorxardı. Xalqa çox kömək edərdi, Allaha daim dua edərdi. Bir gün saat üç radələrində, bir görüntüdə Allahın bir mələyinin ona gəldiyini açıqca gördü. Mələk ona, “Korneli” deyə səsləndi. Korneli qorxu içində gözlərini ona dikdi, “Nə var, əfəndim?” dedi. Mələk ona belə dedi: “Duaların və sədəqələrin xatırlanmaq üzrə Allah Qatına çatdı.” (Həvarilərin İşləri, 10:2-4)
Amma indi müqəddəslərə [özünü Allaha həsr etmişlərə] bir xidmət üçün Yerusəlimə gedirəm. Çünki Makedoniya və Axayyada olanlar, Yerusəlimdəki müqəddəslər arasında yoxsul olanlar üçün kömək toplamanı uyğun hesab etdilər. Bəli, uyğun hesab etdilər. Gerçəkdə onlara kömək etməkdə borcluydular. Xalqlar, onların mənəvi bərəkətlərinə [mənəvi zənginliklərinə] ortaq olduqlarına görə, maddi bərəkətlərlə onlara xidmət etməyə borcluydular. Bu işi bitirib edilən köməyi onlara çatdırdıqdan sonra sizə uğrayacağam, sonra da İspaniyaya gedəcəyəm. Yanınıza gəldiyimdə, [Allahın diləməsiylə] Məsihin bərəkətinin bolluğu ilə gələcəyimi bilirəm. (Romalılara, 15:25-29)
Bunu unutmayın: Az əkən az biçər, çox əkən çox biçər. Hər kəs ürəyində niyyət etdiyi kimi versin; istəksizcə ya da məcbur edilmiş kimi deyil. Çünki Allah sevinclə verəni sevər. Hər zaman, hər cəhətdən, hər şeyə yetərincə sahib olaraq hər yaxşı işdə səxavətli ola bilməniz üçün, Allah hər neməti sizə bol-bol təmin edəcək gücdədir. (2 Korinflilərə, 9:6-8)
İncildə namaz
Sonra İsa şagirdləriylə birlikdə Getsemani deyilən yerə gəldi. Şagirdlərinə, “Mən buraya gedib dua edəcəyəm, siz burada oturun” dedi… Bir az irəlilədi, üzüstə yerə qapanıb dua etməyə başladı… (Matta, 26:36-39)
İsa şagirdlərinə, “Mən dua edərkən siz burada oturun” dedi… Bir az irəlilədi, üzüstə yerə qapanıb dua etməyə başladı… (Mark, 14:32-35)
[İnananlar birliyi]… üzüstə yerə qapanıb Allaha ibadət edəcək. (1 Korinflilərə, 14:25)
… İyirmi dörd qoca üzüstə yerə qapandı. Allaha ibadət edərək belə dedilər: “Hər şeyə gücü çatan, var olan, var olmuş olan Rəbb Allah! Sənə şükür edirik…” (Vəhy, 11:16-17)
… Üzüstə yerə qapanıb Allaha ibadət edərək belə deyirdilər: “Amin! Tərif, ucalıq, müdriklik, minnətdarlıq, hörmət, güc, qüdrət, sonsuzlara qədər Allahımızın olsun! Amin!” (Vəhy, 7:11)
Öz düzgünlüklərinə güvənib başqalarına təpədən baxan bəzi kəslərə İsa bu bənzətməni izah etdi: “Biri Farisey, o birisi vergi vəzifəlisi iki adam dua etmək üçün məscidə çıxdı. Farisey ayaqda öz-özünə belə dua etdi: “Allahım, o biri insanlara -soyğunçulara, haqq yeyənlərə, zina edənlərə- ya da bu vergi vəzifəlisinə bənzəmədiyim üçün Sənə şükür edirəm.”
Qalxıb dua etdiyiniz zaman, birinə qarşı bir şikayətiniz varsa onu bağışlayın ki, Allah da sizin günahlarınızı bağışlasın. (Mark, 11:25-26)
İsa çölə çıxdı, hər zamanki kimi Zeytun Dağına getdi. Şagirdlər də onun ardınca getdilər. Oraya çatanda İsa onlara, “Dua edin ki, yoldan azmayasınız” dedi. Onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çökərək belə dua etdi: “Allahım, Sənin istəyinə uyğunsa, bu kasanı məndən uzaqlaşdır. Yenə də mənim deyil, Sənin istədiyin olsun.” (Luka, 22:39-42)
Peter, hər kəsi çölə çıxartdı, diz çöküb dua etdi… (Həvarilərin İşləri, 9:40) Paul bu sözləri söylədikdən sonra diz çöküb onlarla birlikdə dua etdi. (Həvarilərin İşləri, 20:36)
Günümüz dolunca şəhərdən ayrılıb yolumuza davam etdik. İmanlıların hamısı, yoldaşları və uşaqlarıyla birlikdə bizi şəhərin kənarına qədər keçirdilər. Dəniz sahilində diz çöküb dua etdik. (Həvarilərin İşləri, 21:5)
Bunun üçün… Allahın hüzurunda diz çökərəm. (Efeslilərə, 3:14-15) Sonra diz çökərək yüksək səslə belə dedi: “Ya Rəbb, bu günahı onlara yükləmə!”… (Həvarilərin İşləri, 7:60)
Yazıldığı kimi: “Rəbb belə deyir: “Varlığım haqqı üçün hər diz önümdə çökəcək, hər dil Allah olduğumu açıqca söyləyəcək.” (Romalılara, 14:11)
… Göydəki, yerdəki və yer altındakıların hamısı diz çöksün… (Filipililərə, 2:10)
İncildə ibadət vaxtları
Səhər çox erkəndən, ortalıq hələ ağarmadan İsa qalxdı, evdən çıxıb kimsəsiz bir yerə getdi, orada dua etməyə başladı. (Mark, 1:35)
Xalqı göndərdikdən sonra dua etmək üçün tək başına dağa çıxdı. Axşam olarkən orada tək idi. (Matta, 14:23)
O günlərdə İsa, dua etmək üçün dağa çıxdı və bütün gecəni Allaha dua edərək keçirdi. (Luka, 6:12)
Bir gün Peterlə Yəhya, saat üçdə, dua vaxtında məsciddən çıxırdılar. (Həvarilərin İşləri, 3:1)
Ertəsi gün onlar yol alıb şəhərə yaxınlaşarlarkən, saat on iki radələrində Peter dua etmək üçün dama çıxdı. (Həvarilərin İşləri, 10:9)
Korneli, “Üç gün əvvəl bu radələrdə, saat üçdə evimdə dua edirdim” dedi. “Birdənbirə, parlaq geyimli bir adam önümə çıxdı. “Korneli” dedi, “Allah sənin duanı eşitdi [qəbul etdi], verdiyin sədəqələri andı [qəbul etdi].” (Həvarilərin İşləri, 10:30-31)

